CGI (Common Gateway Interface) dedikdə Veb-serverlərin Veb-proqramların işləməsi zamanı riayət edilməli olduğu razılaşmalar toplusu nəzərdə tutulur. Hal-hazırda praktiki olaraq CGI ilə birlikdə onun daha sürətli və təhlükəsiz variantı olan FastCGI-dan istifadə edilir. Aşağıda deyiləcək mülahizələr bunların hər iki üçün doğrudur.
CGI nədir
Brauzerin adres yerində http://site.com/path/to/image.jpg kimi URL yazırıq və hər hansı HTML səhifənin və ya başqa formada məsələn, şəkil açılacağını gözləyirik. Başqa sözlə desək biz düşünürük ki, hostda /path/to/ kataloqunda image.jpg faylı yerləşdirilib və brauzerə ötürüləcək.
Əslində isə məsələ bir az fərqlidir. Burda iki hal ola bilər:
- Server administratorunun serverdə istənilən obyektə alias yaratmaq imkanı olduğundan hostda /path/to/ yolu, eyni ilə də image.jpg faylı ümumiyyətlə mövcud olmaya bilər və ya heç bir alias yaratmadan Veb-serverdə proqram yazaraq hər belə müraciəti “tutaraq” lazımi reaksiyanı vermək olar.
- image.jpg ümumiyyətlə qrafik fayl olmaya bilər. Bunun əvəzinə o, bizim sorğumuz nəticəsində sürətlə işə düşüb lazımi komandaları yerinə yetirərək nəticəsini HTML və ya digər məsələn, şəkil formatında istifadəçiyə qaytaran proqram ola bilər. İstifadəçi ümumiyyətlə nəyin baş verdiyini başa düşməyəcək. Onun üçün şəkli yükləməklə hər hansı proqramı işə salmaq arasında heç bir fərq olmayacaq. Hətta demək olar ki, istifadəçi əslində nə baş verdiyini heç cürə bilə bilməz.
Sonuncu bənd daha möhtəşəm səslənir. Əgər bunun ideyasını başa düşə bildinizsə deməli, artıq ümumi olaraq CGI-ın nə olduğunu başa düşmüsünüz. Ənənəvi olaraq, CGI razılaşması ilə işləyən proqramlar skript (Ingilis dilində script) adlandırılır. Daha doğrusu bir çox halda bu proqramları Basic, Pyton və ya PHP kimi interpretator dillərində yazıldığı üçün belə adlandırırlar.
Deyilənləri ümumiləşdirsək görürük ki, xüsusi halda səhifələri “iş vaxtı” formalaşdıra bilən güclü mexanizm əldə etmiş olduq. Məsələn, deyək ki, bizə hər hansı bir sənəddə hal-hazırki tarixin yazılması lazımdır. Aydındır ki, istifadəçinin sənədi yükləyəcəyi tarix müxtəlif ola biləcəyindən bunu əvvəlcədən sənəddə yazmaq mümkün deyil. Ancaq, biz tarixi hesablayıb sənəddə yaza bilən və nəticəni istifadəçiyə ötürə bilən skript yaza bilərik. İstifadəçi öz növbəsində heç nə hiss etməyəcək.
Yuxarıda göstərilən modeldə çatışmayan bir məsələ var. Doğrudan da, fərz edək ki, bizə səhifəmizdə saat qurşağından asılı olaraq saat göstərilməsi lazımdır. Skript istifadəçinin hansı saat qurşağında olduğunu və ya istifadəçidən alınması lazım olan hər hansı məlumatı neçə əldə edəcək? Deməli, istifadəçiyə məlumatları əldə etməyə imkan verməklə yanaşı onları həmçinin serverə ötürə bilən mexanizm də olmalıdır (bizim halda Bakıya nəzərən zaman fərqini). Bu məsələni də CGI həll edə bilir.
Yadınızdadırsa əvvəlki mövzularda URL-in quruluşu haqqında danışmışdıq. Bütün bu danışılanlar onun xüsusi formasına aid idi. Əslində URL daha üzün formaya malikdir.
http://site.com/path/to/image.jpg?parameters
Göründüyü kimi, URL-in sonunda sual – ? – işarəsindən sonra əlavə parameters yazısı, sətri də mövcud ola bilər. Müəyyən dərəcədə bu, əməliyyat sistemində kommand layn – əmr sətrinə bənzəyir. Onun uzunluğu istənilən qədər ola bilər və daxilində istənilən məlumat yerləşdirilə bilər (bəzi simvolların URL formatında kodlaşdırılmasını nəzər almaq şərti ilə). Məhs bu sətir CGI-skriptə ötürülür.
Əslində parametrlər sətrinin uzunluğuna müəyyən məhtudiyyət var, ancaq bu məhtudiyyətlə praktikada çox az hallarla qarşılaşdığından onun haqqında nadir hallarda danışılır. Brauzer üçün URL çox uzun olarsa bunu çox sadə hiss etmək olur, həmin link-keçid qeyri-aktiv olur və ona “klik” etmək olmur.
Yuxarıdakı məsələyə qayıdaq. İndi istifadəçi öz saat qurşağını göstərə bilər. Bunu belə etmək olar:
http://site.com/script.cgi?time=+5&name=Tural
Belə təsfir zamanı parametrləri ampersand – “&” – işarəsi vasitəsilə ayırmaq qəbul edilmişdir. Brauzerlər formaların emalı zamanı məhz buna uyğun işlədiklərinə görə biz də irəlidə bu cür razılaşmaya uyğunlaşacağıq. Skript də öz növbəsində bu parametrlərə adekvat reaksiya verməlidir: sətri tərkibinə görə hissələrinə ayırmalı, dəyişənləri yaratmalı və s.
Skriptə göndərilən məlumatlar URL-in əmr sətrinə yerləşə bilirsə və bu üsulla göndərilirsə buna GET metod deyilir. Faktiki olaraq, hətta heç bir parametr ötürülmürsə belə (məsələn, səhifənin açılması zamanı) GET metodu tətbiq edilmiş olur. Bu metoddan başqa onun qədər çox istifadə edilən POST metodu da mövcuddur.
2 thoughts on “CGI interfeysi və HTTP protokolu”